Koronavirus infeksiyasının yayılması qlobal iqtisadi artımın sürətini əhəmiyyətli dərəcədə azaldıb və görünən odur ki, bu proses sürətlə davam edəcək. Yəni, qısamüddətli perspektivdə dünya iqtisadiyyatı, maliyyə sektoru, aktivlərin dəyəri 2 ay bundan əvvəlki səviyyəyə qayıtmayacaq. Bu da bəzi təhlillər aparmaq zərurəti yaradır.
Nəqliyyat və daşımalara qoyulmuş məhdudiyyətlərə görə dünya ölkələrinin yanacağa, başqa sözlə neftə tələbatı xeyli azalıb və bir qədər də azalacaq. Hazırda gündəlik neft tələbində 15%-lik azalma olduğu ehtimal edilir. Bu da təxminən 15 milyon barel deməkdir. Halbuki 2020-ci ilin yanvar ayında gündəlik neft tələbi, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına əsasən 99,9 milyon barel təşkil edib.
IEA bu il gündəlik neft hasilatının 5,9 milyon barel artacağını proqnozlaşdırır. Qurum həmçinin 2020-ci ildə neftə olan gündəlik tələbin 480-730 min barel azalacağını ehtimal edir. Texniki təhlillər də onu göstərir ki, "Brent" markalı neftin 1 barelinin qiyməti 21 ABŞ dollarına qədər geriləyə bilər. Yaxın 1 il ərzində isə qiymətin 21-38 dollar\barel diapazonunda hərəkət edəcəyi proqnozlaşdırılır.
Dünya birjalarında da geriləmənin davam edəcəyi gözlənilir. Hazırda ABŞ-ın aparıcı fond birjası indeksi sayılan "Dow-Jones" bu il fevral ayının 12-də tarixi rekord səviyyəsi olan 29 568 bənddən 6 383 bənd və yaxud 21,6% geriləyərək 23 185 bəndə düşüb. Bu gün üçün isə ABŞ birjaları fyuçerslərində yenidən 4%-ə yaxın azalma müşahidə olunur. Təhlillər onu göstərir ki, birjalarda geriləmə hazırki səviyyələrdən daha 30% çox ola bilər. Yəni, "Dow-Jones" indeksinin 16 000 bəndə qədər geriləməsi mümkündür.
Qızılın qiymətində də azalma müşahidə olunur. Böhran durumlarında sığınacaq maliyyə aləti hesab olunan qızıl, qısa müddət ərzində 1 703 dollar / unsiyadan 1 540 dollar / unsiyaya qədər, yəni 10%-ə yaxın ucuzlaşıb. Bu tendensiyanın yaxın günlərdə davam edəcəyi gözlənilir. Buna səbəb kimi investorların nağd vəsaitlərə keçmək istəməsi göstərilir. Yəni, investisiya sahibləri koronavirusa görə böhranın daha da dərinləşəcəyini və daha az vəsait sərf etməklə investisiya edə biləcəklərini düşünürlər. Odur ki, qızılın 1 unsiyasının qiymətinin 1 300 dollara qədər geriləyəcəyi istisna edilmir.
Türkiyə bazarlarına gəldikdə, "BİST-100" "(Birja İstanbul") indeksinin 75 000 bəndə qədər geriləyəcəyi ehtimal edilir. Hazırda bu indeks 90 000 bənd təşkil edir. TRY/USD paritetinin 6,7 səviyyəsinə qədər yüksəlməsi istisna edilmir.
Azərbaycan manatı üçün isə təhlükə yoxdur. Buna səbəb, Azərbaycan vətəndaşlarının xaricə çıxış məhdudiyyətləri səbəbindən xarici valyutaya tələbinin azalması, ümumiyyətlə istehlak tələbində azalma nəticəsində idxalın yavaşlamasıdır. Bu məhdudiyyətlər aradan qaldırıldıqda isə neftin qiyməti də yüksələcəyindən manatın devalvasiyası ehtimalı yoxdur və yaxud cox azdır.
Cavid Əzimov, “Mərmərə” Universiteti (Türkiyə, İstanbul), “Bankçılıq və Sığortaçılıq" institutu, “Sərmayə bazarları və birjalar” fakültəsinin PhD tələbəsi